Naxçıvan gənclərinin Xocalı faciəsinə həsr etdiyi rəsmlər nümayiş etdirilib

Fevralın 26-da xalqımızın zehnində dərin iz buraxan, insanlıq tarixinin ən ağır soyqrımı aktlarından biri olan Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş rəsm sərgisi reallaşıb. Soyqrımı qurbanlarını yad etmək, Xocalı həqiqətlərini təbliğ etmək, gənclərin yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədilə təşkil olunan sərgidə muxtar respublikamızda fəaliyyət göstərən istedadlı gənclərimiz tərəfindən çəkilmiş 65 rəsm nümunəsi nümayiş etdirilib.

Tədbirdə öncə faciə qurbanlarının və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən işlər haqqında danışan Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən,  Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov bildirib ki, gənc nəslin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda böyüməsi gənclər siyasətinin ana xəttini təşkil edir. Bu istiqamətdə nazirlik tərəfindən davamlı tədbirlər keçirilir, layihələr icra olunur. Son iki yüzillikdə ermənilər tərəfindən xalqımızın başına gətirilən bəlalardan, etnik təmizləmə siyasətindən bəhs edən nazir müavini əlavə edib: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz erməni vandalizminə, separatizminə son qoyaraq Xocalı soyqrımı başda olmaqla, əzəli düşmənin bütün torpaqlarımızdakı qanlı cinayətlərinin qisasını almış oldu. Ədaləti özümüz bərpa etdik, canilərin məhkəməsini də, hökmünü də biz reallaşdırdıq.”

Məsələyə münasibətini, mövqeyini, hisslərini öz yaradıcılığı ilə nümayiş etdirmək iqtidarında olan gənclərə təşəkkürünü bildirən Məcid Seyidov bunu özlüyündə bir təbliğat vasitəsi, həssas vətəndaş mövqeyi və onun maraq doğuran reaksiyası kimi qiymətləndirib.

Fəal gənc Aytac Allahyarova mövzu ilə bağlı fikirlərini bölüşərkən qətliam qurbanlarının qisasının tarixi zəfərimizlə alındığını, Xocalını azad və firavan həyat gözlədiyini vurğulayıb.  

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti